Bloq

Ana Səhifə / Bloq

İstilik tükənməsi və istivurmanın nə fərqi var? Əlamətləri və ilkin yardım barədə.

İstilik tükənməsi, insan bədəninin həddən artıq istiliklə mübarizə etmə qabiliyyətinin azalması və nəticədə bədən funksiyalarının pozulması ilə əlaqədar bir vəziyyətdir. Bu vəziyyət, əsasən artmış bədən istiliyi və maye itkisi (dehidrasiya) ilə əlaqəlidir. İstilik tükənməsi hava şəraitinin aşırı isti olduğuna görə və ya hava həddən artıq isti olmasa da belə  intensiv fiziki aktivlik zamanı- məsələn, idmançılar, fəhlələr və ya hərbi personal kimi insanlarda  yarana bilər.

İstilik tükənməsinin əsas səbəbi, bədən temperaturunu nizamlama mexanizmlərinin yetərsizliyi və ya çatışmazlığıdır. Normal şəraitlərdə, bədənimiz isti və soyuq arasında bir tarazılıq quraraq optimal temperaturda qalmaq üçün zəruri tədbirlər görür.  Amma bu tədbirlər sərhədisz deyil. Həddən artıq isti havada və ya uzun müddətli fiziki stress, bu mexanizmləri yetərsiz edir və istilik tükənməsinin ortaya çıxmasına səbəb olur.

İstilik tükənməsinin əsas simptomları bədən hərarətinin yüksəlməsi, gücsüzlik, baş ağrısı, başgicəllənmə, mədə bulantısı, qusma,  hətta bayılma ola bilər.  Bu simptomlar, bədənin normal funksiyalarını yerinə yetirməsinin zəiflədiyi və ciddi sağlamlıq riskləri yaradığı zaman ortaya çıxır.

Erkən diaqnoz və müalicə, istilik tükənməsinin nəticələrindən qaçmaq üçün ən əhəmiyyətli addımlardan biridir. İstilik tükənməsi aşkar edildikdə, şəxsin mümkün qədər tez bir zamanda istirahət etməsi, sərin bir mühitə köçürülməsi və bədənin istilik itkisini təmin etmək üçün bol su içməsi tövsiyə olunur. Ayrıca, istilik tükənməsi olan şəxsin vücudunu sərin su ilə yumağa, islanmış dəsmal ilə bədənini silərək və ventilyator ilə hava sirkulyasiyasını artıraraq müalicəyə yardım edilə bilər.

İstilik tükənməsinin daha ciddi bir forması olan istilik vuruşu, həm orqanizmin öz termorequlyasiyası ilə bağlı problemlər, həm də ətraf mühitin hədddən artıq isti olması nəticəsində ortaya çıxır. İstilik vuruşu, həyatı təhlükə altına alan bir vəziyyətdir və təcili tibbi yardım tələb edir. Bədəndə ödem və səpkilər əmələ gəlir, hərarət çox yüksəlir, bu hərarət adi temperatursalıcı vasitələrə davamlı olur, huş koma tipində pozulur, qıcolmalar müşahidə oluna və vaxtında yardım göstərilməzsə ölümlə nəticələnə bilər. Bu durumda tez təcili tibbi yardım çağırmaq və şəxsi sıx bir monitorizasiyada (reanimasiya şöbəsində) saxlamaq üçün xəstəxanaya aparmaq vacibdir.

•İstivurmanın mexanizmi ondan ibarətdir ki yüksək temperatur hüceyrələrə toksik təsir göstərir.  Proteinləri denaturasiya edir, hüceyrə membranını və nüvəni dağıdaraq apoptoza və hüceyrə ölümünə səbəb olur

•İstinin yaratdığı stress sitokin fırtınasına və sistemik iltihabın başlanmasına səbəb olur.

•Damarın endotelisini də zədələyərək damar keçiriciliyini artırır və bu koaqulyasiya kaskadına təsir edərək disseminə olunmuş damardaxili laxtalanma sindromunu yaradır

İstilik tükənməsi və izahda bildirildiyi kimi daha təhlükəli hal olan istilik vuruşunun qarşısını almaq üçün aşağıdakı tədbirlər tövsiyə olunur:

1. Aşırı isti havalarda mümkün qədər kölgəli və serin mühitdə qalmaq, intensiv fiziki aktivlikdən çəkinmək.

2. Bol miqdarda su içmək 


3. İsti vaxtlarda istilik tükənməsinin riskini azaldan ağ rəngli və yüngül geyimlər geymək.


4. Bu cür anormal isti havalarda yaxınlarınızı da ehtiyatlı olmağa çağırın və bu yazını paylaşın ki istilik tükənməsinin simptomlarını hamı bilsin. 

Təşəkkürlər. 

Müəllif: Həkim reanimatoloq-anestezioloq Şahin Məmmədov.